Azərbaycanlı qadın Gürcüstanda keçiriləcək seçkilərdə NAMİZƏD OLDU

 23:36 04.09.2021     339

Gürcüstanda oktyabrın 2 keçirilən bələdiyyə seçkilərində və referendumda soydaşımız Nərgiz Əliyeva Mixeil Saakaşvilinin qurucusu etdiyi Vahid Milli Hərəkat partiyasından namizəd olaraq deputatlıq uğrunda mübarizəyə qoşulubdur.

Redaktor.az xəbər verir ki, soydaşlarımızın sıx yaşadığı Marneuli bələdiyyəsinin şəhər deputatı olaraq namizəd təqdim edilən Nərgiz Əliyeva uzun müddət ictimai sektorda fəaliyyət göstərib. Azərbaycanlıların tanınmış simalarından olan Nərgiz xanım, gənclərin inkişafı, inteqrasiya, Azərbaycan həqiqətlərinin Gürcüstanda təbliği istiqamətində də bir sıra layihələr həyata keçiribdir. 

"Uzun müddətdir ki, ictimai sektorda çalışmışam, bölgədə mövcud olan problemlərdən agaham, soydaşlarımızı narahat edən bir çox məsələlərin həlli istiqamətində əlimdən gələn töhvələri verməyə hazıram. Əsas prioritetlərimizdən biri ölkədə stabilliyin yaradılması, vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, gənclərin inkişafı, təhsil, mədəniyyət, kənd təsərrüfatı, inteqrasiya istiqamətində mövcud olan ciddi problemlərin həllidir. Namizəd olduğum Marneuli şəhərinin abadlığı, seçicilərimin rifahı, gənclərin fəallığı üçün əlimdən gələni edəcəyəm. Vahid Milli Hərəkat partiyası bu gün ölkəmizi inkişafa aparacaq ən real partiyalardan olduğu üçün bu təklifi qəbul edərək fəal siyasətə qoşuldum. Təssüfki bu gün Gürcüstanın siyasi arenasında Azərbaycanlı qadınlar çox azdır, düşündüm ki, qadın olaraq da bu mübarizəyə qoşulub həm də qadınlarımızın səsi olacağam. Hər bir namizədə uğurlar və sağlam siyasi mübarizə diləyirəm".

Qeyd edək ki, seçkilərdə partiya tərəfindən Eldar Mustafayev mer namizədi olaraq təqdim edilibdir (moderator.az).