Bu ölkədə peyvənd vurduran iki nəfər öldü

 18:57 05.09.2021     287

Yaponiyada istifadəsi dayandırılmış Moderna koronavirus peyvəndinin vurulmasından qısa müddət sonra iki nəfərin öldüyü bildirilib.

Redaktor.az xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi yad maddə aşkar edildikdən sonra vurulması dayandırılan peyvəndin ilk dozasını alan 30-38 yaş arası iki nəfərin bir müddət sonra öldüyünü açıqlayıb.

Həmin şəxslərə vurulan peyvənd flakonlarında heç bir yad maddə aşkar edilmədiyini bildirən nazirlik ölümlərlə Moderna peyvəndi arasındakı əlaqənin hələ məlum olmadığını diqqətə çatdırıb.

Moderna peyvəndinin istehsalı ilə məşğul olan “Takeda” və Yaponiyada satış və paylamadan məsuliyyət daşıyan ortağı ölüm səbəblərinin nazirliklə birlikdə araşdırıldığını açıqlayıb.

Bundan əvvəl açılmamış Moderna flakonlarında çirklənmə və bəzilərində yad maddələr olduğunu açıqlayan nazirlik əvvəlki həftə istifadə olunmamış 1.6 milyondan çox COVID-19 peyvəndini yığışdırmaq qərarı verib. Digər yandan, “Takeda” təhlükəsizlik tədbiri olaraq İspaniyada eyni istehsal xəttindən gələn dozaların Yaponiyada dayandırıldığını da bildirib. //Modern.az