Ağrıdağa yürüş keçirildi - FOTO

 11:55 17.09.2021     4966

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə Bakının  işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib.

Bu barədə Redaktor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirib ki, Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir. Dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrıdağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın  təcəssümüdür.

Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il, 44 gün ərzində işğalçı Ermənistanın ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq Zəfərin bütün Türk Dünyasını qürurlandırdığını qeyd edib.

“Qətiyyətli və əzmli mövqeyinə görə hörmətli Prezidentimiz İlham Əliyevə, Azərbaycana göstərdiyi tam dəstəyə görə hörmətli Prezidentimiz Rəcəp Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk. Ermənilərin dilindən düşməyən Ağrıdağdan səslənirik: Qarabağ Azərbaycandır!”, - deyə Z.Z.Acar bildirib.

222