Fransa ABŞ və Avstraliyaya qəzəbləndi - Səfirləri geri çağırdı

 09:47 18.09.2021     558

Rəsmi Paris “Naval Group” sualtı qayıq müqaviləsininin ləğv edilməsi ilə əlaqədar ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Redaktor.az xəbər verir ki. bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, bu addım prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliya və ABŞ-ın birgə verdiyi açıqlamaların xüsusi ciddiliyi ilə əsaslandırılır”, deyə nazir vurğulayıb.

Xarici işlər naziri Kanberranın sualtı layihədən çəkilməsinin və yeni bir hərbi ittifaq çərçivəsində ABŞ-ın Avstraliya Hərbi Dəniz Qüvvələri ilə nüvə sualtı gəmilər yaratmağın mümkün əməkdaşlığın "müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranış olduğunu" söyləyib.

ABŞ isə Fransanın AUKUS müqaviləsinin elan edilməsindən sonra səfirini Vaşinqtondan geri çağırmaq qərarından təəssüfləndiyini bildirib.

Bildirilib ki, Ağ Ev yaxın günlərdə fikir ayrılıqlarının aradan qaldırılması üçün çalışacaq.

Qeyd edək ki, Britaniya Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrison bu həftə yeni AUKUS müdafiə və təhlükəsizlik ortaqlığı elan edərək, Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdıqlarını açıqlayıblar.

Xatırladaq ki, “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sözügedən sövdələşmə “Barracuda” tipli 12 hücum sualtı qayığının istehsalını tələb edirdi. Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib.

Bu arada Fransanın xarici işlər naziri Le Drian Avstraliyanın qərarını “arxadan vurulan zərbə” adlandırıb. O, “Naval Group” müqaviləsinə xitam verilməsinə qəzəbləndiyini deyib. Rəsmi Paris həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözlədiyini bəyan edib.