Yaponiyanın Baş naziri BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

 11:27 25.09.2021     463

Yaponiya hökuməti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması üçün konkret danışıqlara başlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən siyasi müzakirələr zamanı səsləndirilən video müraciətində bildirib.

“Yaponiya XXI əsrin reallıqlarını əks etdirmək üçün BMT Təhlükəsizlik Şurasında islahatlara başlamaqla əlaqədar məsələdə konkret danışıqlara başlamağa çağırır”, - deyə Baş nazir çıxışı zamanı bəyan edib.

Yaponiya hökumətinin başçısının sözlərinə görə, daha sakit və təhlükəsiz dünyanın yaradılması məqsədilə silahlanmaya nəzarət və silahların ləğvi məsələlərində atılan beynəlxalq addımlar vicdanlı və şəffaf olmalıdır.

“Atom bombardmanının dağıdıcı gücünü özündə hiss edən yeganə ölkə olaraq, Yaponiya müxtəlif mövqelər tutan ölkələr arasında körpü rolunu oynamağa və dünyanın nüvə silahından azad edilməsinə töhfələr verməyə hazırdır”, - deyə Y.Suqa vurğulayıb.

Yaponiya hökumətinin başçısı, həmçinin öz çıxışında Şimali Koreyanın bu yaxınlarda keçirilən raket sınaqlarını da kəskin pisləyib. Bu sınaqları BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin birbaşa pozulması adlandırıb.

Bununla yanaşı, Y.Suqa Şimali Koreyanın diplomatik dialoqa dönəcəyinə, ABŞ ilə bu ölkə arasında nüvə silahının ləğvi barədə danışıqların bərpa olunacağına inandığını da bildirib.