Gürcüstanın Baş naziri İrəvanda Paşinyanla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, Respublika Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, gürcü həmkarını salamlayan Paşinyan Batumidə baş verən faciəli hadisə ilə əlaqədar bir daha başsağlığı verib və Gürcüstan hökumətinə və gürcü xalqına dəstəyini ifadə edib. O, İrakli Qaribaşviliyə təcili vəziyyətə baxmayaraq Ermənistana səfərini ləğv etmədiyinə görə təşəkkür edib.
Gürcüstanın Baş naziri erməni həmkarına dəstək sözlərinə görə təşəkkürünü bildirib.
Nikol Paşinyan və İrakli Qaribaşvili bildiriblər ki, yüksək səviyyədə ikitərəfli təmaslar Ermənistan-Gürcüstan münasibətlərinin dinamik inkişafına və yüksək siyasi dialoqa dəlalət edir.
Həmsöhbətlər Ermənistan-Gürcüstan əməkdaşlığının gündəliyini və perspektivlərini müzakirə ediblər. Bölgədəki vəziyyət və hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər dostluq əlaqələrini ardıcıl olaraq dərinləşdirməyə hazır olduqlarını təsdiq ediblər və fəal dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
T.İSMAYIL