ABŞ və İsrail İrana xəbərdarlıq etdi: "İran yolunu dəyişdirməsə..."

 23:39 13.10.2021     764

ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapid və BƏƏ-nin XİN rəhbəri Abdullah Bin Zayed əl-Nəhyanla Vaşinqtonda görüşüb.

Redaktor.az xəbər verir ki, onlar müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər.

Blinken İranla nüvə məsələsində davam edən müzakirələrdə vaxtın azaldığını, diplomatiyanın uğursuz olacağı təqdirdə, digər variantların masaya gətiriləcəyini söyləyib:

“İranın nüvə silahı əldə etməməsi məsələsində həmfikirik. Diplomatik yolların ən yaxşı həll yolu olduğuna inanırıq. Ölkəmiz aylardır İran nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirib. Ancaq Tehranın hazır olduğunu görmürük”.

Dövlət katibi bildirib ki, vaxt daralır:

“İran nüvə zənginləşdirmə faizini 20-dən 60-a çıxarmaq başda olmaqla, bu müddəti nüvə proqramını irəlilətmək üçün istifadə edir”.

“Diplomatiya uğursuz olarsa, hərbi seçimləri dəyərləndirəcəksinizmi?” sualına Blinkeni cavabı belə olub:

“İranın reaksiyalarını, vəziyyətini yaxından izləyirik. İran yolunu dəyişdirməsə, digər variantlara qayıtmağa hazırıq”.

Lapid isə qeyd edib ki, nüvə müzakirələrində itirilən zaman İranın nüvə proqramına davam etməsini təmin edir:

“Hər keçən gün, gecikilən hər gün İran nüvə silahına bir addım da yaxınlaşır. İran nüvə proqramı məsələsində dünyanı aldaddır. Mən və cənab Blinken Holokostdan xilas olan ailələrin uşaqlarıyıq. Bizlər bir nəslin dünyanı pislikdən qorumaq üçün nə zaman gücdən istifadə edilməli olduğunu bilirik.

Əgər diplomatiya uğursuz olsa, digər bütün variantlar masada olacaq. Digər variant ifadəsinin nə mənaya gəldiyini buradakı hər kəs anlayır. Tehran da anlayır” (qafqazinfo).