ABŞ-da təhlükəli hadisələr baş verə biləcəyi barədə xəbərdarlıq edildi

 14:42 12.11.2021     120

ABŞ Daxili Təhlükəsizlik Departamenti məzuniyyətlər mövsümünün yaxınlaşması ilə əlaqədar yerli ekstremistlərin və xarici terror qruplaşmaları tərəfindən ruhlandırılan insanların törədə biləcəkləri təhlükəli hadisələr barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Departamentin milli terrorizmə dair sonuncu informasiya bülletenində xəbərdarlıq edilir: yaxınlaşan dini bayramlarla əlaqədar kütləvi toplantılar COVID-19-la bağlı tətbiq edilən məhdudiyyətlərdən irəli gələn narazılıqdan və onlayn-təbliğat yolu ilə yayılan informasiyadan istifadə etməyə çalışan insanların və müvafiq təşkilatların potensial hədəflərinə çevrilə bilər. Bülletendə deyilir ki, ekstremistlər ən azı 2022-ci ildə ciddi təhlükə mənbəyi olacaqlar.

Federal Təhqiqat Bürosunun antiterror bölməsinin direktorunun köməkçisi Timoti Lanqan ötən həftə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi qarşısında bəyan edib ki, son 18 ayda daxili terror təhlükəsi “xeyli artıb” və hazırda agentlik döyüşkən daxili ekstremistlər barəsində təqribən 2700 təhqiqat aparır.