Avropa şəhərlərini etiraz dalğaları bürüyüb

 23:59 22.11.2021     89

Avropa ölkələrinin hökumətləri koronavirusun yayılmasının yeni dalğasının qarşısını almağa çalışır və bununla əlaqədar olaraq yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər. Lakin bu, ölkələrin cəmiyyətlərində heç də hər zaman dəstək və anlayışla qarşılanmır. Onların bir çoxunda insanlar etiraz etmək üçün küçələrə çıxırlar.

Redaktor.az xəbər verir ki, dünən, Belçika paytaxtında məhdudlaşdırıcı tədbirlərə qarşı güclü nümayiş keçirilib. Polisin məlumatına görə, etiraz edənlərin sayı təxminən 35 min nəfərə çatıb. Onlar, ilk növbədə, peyvənd edilmiş insanların ictimai yerlərə buraxılmasına icazə verən COVID-pasportlarının ləğvi tələbi ilə çıxış edirdilər.

Nümayişlər Avropa İttifaqının digər şəhərlərində də keçirilib. On minlərlə insan yaşadıqları ölkələrin hökumətlərinin koronavirus əleyhinə tətbiq etdiyi yeni məhdudiyyətlərə etiraz etmək üçün küçələrə çıxıblar. Bəzi şəhərlərdə hətta polislə toqquşmalar da baş verib, məsələn, Brüsselin özündə, etiraz edənlərin məşəl atdığı hüquq-mühafizə orqanları cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər (Azərtac).