Ermənistanda iki hərbçi həbs edildi

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi üzrə onun iki yoldaşı həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan "Facebook" səhifəsində məlumat verib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 15-də Çəmbərəkdə (Geqarkunik rayonu) insident baş verdiyini təsdiqləyib. İlkin məlumata görə, hərbçi silahla davranış qaydalarını pozduğu üçün yaralanıb.
Noyabrın 16-da ölən hərbçinin yoldaşları A.S. və onunla birlikdə ehtiyatda olan A.Ə. saxlanılıb. Onlardan biri Avetyana qarşı qəddar rəftar, onun ləyaqətini alçaltmaq, hərbi qulluqçularla rəftar qaydalarını pozmaq, döymək və zor tətbiq etməklə intihara sövq etməkdə ittiham olunub. Digəri isə hərbi qulluqçular arasında qanunla müəyyən edilmiş davranış qaydalarını pozma, müqavilə əsasında xidmət edən hərbi qulluqçunu döyüş postunda döyərək ona fiziki zor tətbiq etmək maddəsi ilə ittiham olunub. Həmin gün hər iki hərbçi həbs edilib.