Dünyada 200 milyon uşaq təhlükəli bölgələrdə yaşayır

 22:43 03.12.2021     1103

 

 

Dünyada yeniyetmə yaşına çatmayan 200 milyon uşaq təhlükəli silahlı münaqişə bölgələrində yaşayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Uşaqları xilas edək" beynəlxalq təşkilatının nümayəndəsi İgnger Aşing mətbuata açıqlamasında deyib.

O bildirib ki, Əfqanıstan və Niger daxil olmaqla, 13 ölkədə uşaqlar birbaşa münaqişə baş verən rayonlarda yaşayırlar. 2019-cu ildə silahlı münaqişələrin davam etdiyi bölgələrdə yaşayan uşaqların sayı 162 milyon idi. Son 2 ildə bu rəqəm artaraq 200 milyona çatıb ki, bu da beynəlxalq birlik üçün heç də yaxşı gələcək vəd etmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu şəraitdə yaşayan uşaqlar müxtəlif xüsusi xidmət orqanları və terror təşkilatları tərəfindən əməkdaşlığa cəlb olunurlar.

Qeyd edilib ki, hazırda Mozambik, Əfqanıstan, Konqo, Niger, Yəmən, Suriya, İraq, Filippində belə uşaqların sayı daha çoxdur. Dünyada yaranan belə vəziyyət beynəlxalq birlik üçün utancvericidir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar bu məsələ haqqında ciddi düşünüb addımlar atmalıdırlar. Əks halda, dünya yaxın gələcəkdə terrordan yaxa qurtara bilməyəcək.