Qarabağı tərk etmək istəyən ermənilərin sayı kəskin artıb - Ermənistan mətbuatı

 16:28 30.12.2021     156

Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi mətbuat konfransı və oradakı qeydləri Qarabağda yaşayan ermənilərin ciddi narahatlığına səbəb olub, onlarda ümidsizlik yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat dərc edib.

Qəzet qeyd edir ki, N.Paşinyanın onlayn mətbuat konfransında səsləndirdiyi fikirlərdən sonra Qarabağdakı ermənilər Ermənistanın onlardan imtina etməsindən narahatdırlar və düşünürlər ki, Nikol Paşinyan Qarabağ üçün danışıqlar prosesindən əl çəkməyə zəmin hazırlayır.

“Qarabağdan bizə bildiriblər ki, Nikol Paşinyanın mətbuat konfransından sonra mühacirət etmək niyyətində olanların sayı kəskin artıb, hətta Qarabağı heç vaxt tərk etməyəcəklərini deyənlər də indi getməyi düşünürlər. Onlar orada qalsalar belə, ailələrini Qarabağdan çıxarmaq istəyirlər. Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib, belə olan halda Qarabağda qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil, heç olmasa uşaqlarımızı çıxaracağıq ki, xilas olsunlar”, - deyə nəşr yazır.

Qəzetin yazdığına görə, Paşinyanın mətbuat konfransı və açıqlamaları Qarabağdakı separatçılar arasında münasibətlərə də təsir edib.