Türkiyədə illik inflyasiya 19 illik rekordu yeniləyib

 14:57 03.01.2022     383

Ötən ilin dekabr ayında Türkiyədə qiymətlər noyabr ayı ilə müqayisədə orta hesabla 13,6%, əvvəlki ilin dekabr ayına nisbətən isə 36,1% artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Məlumatda deyilir ki, bununla da ölkədə illik inflyasiya 2002-ci ilin sentyabr ayında qeydə alınmış (19 illik) rekordu yeniləyib.

Son 1 ildə Türkiyədə ən aşağı qiymət artımı rabitə sahəsində qeydə alınıb - 8,8%. Təhsil sahəsində isə illik inflyasiya 17,2% təşkil edib. İl ərzində spirtli içkilər və tütün orta hesabla 20%, geyim-ayaqqabı 20,1%, spirtsiz içkilər və qida 43,8%, ev əşyaları 40,95%, nəqliyyat xidməti isə 53,7% bahalaşıb.

Aylıq qiymət artımlarına gəlincə isə rabitə xidmətləri 3,65%, təhsil xidmətləri 0,1%, spirtsiz içkilərdə və qida 16%, ev əşyaları 16,5%, nəqliyyat xidmətləri isə 28,5% bahalaşıb.(report)