Saakaşvili yeni tələblər irəli sürdü

 20:26 03.01.2022     158

Hazırda 12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.

Redaktor.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən vəkilləri məlumat verib.

Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq.

Tutberidzenin sözlərinə görə, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil onun nədən ibarət olacağını dəqiqləşdirməyib.

Vəkillərin sözlərinə görə, hələ də Saakaşvilinin yanına müstəqil konsiliumun həkimlərini buraxmırlar.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabiltasiya kursu keçmiş, dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülüb.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.