"Öz xalqına atəş açmayan hərbçilərimiz qardaş qazaxlara da atəş açmayacaq" - Qırğız prezidenti

 18:00 06.01.2022     8656

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Qazaxıstandakı iğtişaşlar fonunda ölkə parlamentinə müraciət edib.

Redaktor.az xəbər verir ki, o, feysbuk səhifəsindən deputatlara müraciətində qanunverici orqanı Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti çərçivəsində qırğız hərbçilərin göndərilməsinə mane olmamağa çağırıb.

“Biz hərbçilərimizi mitinq edən qazaxıstanlı qardaşlarımıza atəş açmağa göndərmirik. Əminəm ki, öz xalqına atəş açmayan hərbçilərimiz qardaş qazaxlara da atəş açmayacaq. Əksinə, biz onları ora stabilliyi möhkəmləndirməyə göndəririk”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, ölkə parlamenti Qırğız hərbçilərinin Qazaxıstana göndərilməsi məsələsini bu gün müzakirə etməli olsa da, kvorum olmadığından iclas sabah günortaya qədər təxirə salınıb.

Xatırladaq ki, Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar olaraq KTMT-nın Katibliyi bu ölkəyə təşkilata üzv dövlətlər - Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan hərbçilərindən ibarət sülhməramlı kontingentin göndəriləcəyi barədə qərar verib.

T.İSMAYIL