Fransa "Google" və "Facebook"u külli-miqdarda cərimələdi

 20:15 06.01.2022     109

Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası istifadəçilər barədə məlumatların toplanması qaydalarının pozulmasına görə "Google" şirkətini 150 milyon, "Facebook" sosial şəbəkəsini isə 60 milyon avro məbləğində cərimələyib.

Redaktor.az xəbər verir ki, qərar istifadəçilər barədə məlumatları toplayan və hədəf reklamların yayımlanması məqsədi ilə serverlərdə saxlayan "cookie"lərdən istifadə ilə əlaqədar qəbul edilib.

Qərarda qeyd olunur ki, "facebook.com", "google.fr" və "youtube.com" saytları istifadəçilərə "cookie"lərdən asanlıqla imtina etməyə imkan yaratmır. "Google"a tətbiq olunan 150 milyon avro məbləğində cərimə Fransada rekord hesab olunur.

Bundan əvvəl İnformatika və Azadlıqlar üzrə Milli Komissiya 2020-ci ilin dekabrında eyni qayda pozuntusu ilə "Google" şirkətini 100 milyon avro cərimələmişdi.