Qazaxıstanın bəzi şəhərlərində atışma başladı

 22:04 06.01.2022     317

Qazaxıstanın Almatı şəhərinin Auezov Rayon Daxili İşlər İdarəsinin ərazisində atışma səsləri eşidilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Şəhərin yataqxana məhəllələrindən birində yerləşən idarənin yanında “Qrand Park” ticarət və əyləncə mərkəzi var. Qeyd edilir ki, şahidlər orada talançılar dəstəsini, eləcə də pulemyotlu silahlı şəxsləri görüblər.

Bundan əvvəl bir qrup etirazçının Auezov Rayon Daxili İşlər İdarəsinin binasına basqın etməyə cəhd etdiyi, polis əməkdaşlarının talançılara cavab atəşi açdığı, səsli qumbaralardan istifadə etməsi xəbər verilib.

Eyni zamanda Almatı şəhərində də atışmanın baş verdiyi bildirilir. Məlumata görə, 5-6 nəfərlik qruplar şəhərin küçələrində gəzir, tək-tək atışma səsləri eşidilir.

"Şəhərin Nazarbayev, Qoqol, Jibek Jolı, Kunayev küçələri ərazisində 5-6 nəfərlik qruplar gəzir. Bəzən tək-tək atışma səsləri eşidilir. Küçələrdə adam yoxdur. Maşınlar çox azdır", - agentlik xəbər verib.