Ukraynada rəsmilər uşaqlara Rusiya ilə döyüşməyi öyrədir - FOTO

Lvov meri Andrey Sadovıy oğullarına “Rusiya təcavüzü”nə müqavimət göstərməyi öyrədir.
Redaktor.az xəbər verir ki, mer özünün “Facebook” səhifəsində ərazi müdafiə bölmələrinin formalaşdırılmasına hazırlıq çərçivəsində ailəsi ilə birlikdə atıcılıq poliqonuna səfərdən fotolar yerləşdirib.
"Bu, silah bacarıqlarınızı öyrənmək və ya təzələmək üçün yaxşı fürsətdir... nə qədər ki, bizim Moskva kimi qonşumuz var, bu bacarıqlar hər bir ukraynalı üçün məcburidir", - Sadovıy şəkilləri şərh edib.
O, həmçinin "qələbə"yə inamını ifadə edib.
Qeyd edək ki, Ukraynada yanvarın 1-də ölkədə milli müqavimətin əsasları haqqında qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Mətndə qeyd olunur ki, milli müqavimət Ukrayna vətəndaşlarının ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsində, təcavüzün qarşısının alınmasında və düşmənə itkilərin verilməsində maksimum dərəcədə iştirakını nəzərdə tutur. Həmçinin Ukrayna Silahlı Qüvvələrində könüllülərdən ərazi müdafiə qüvvələrinin yaradılması nəzərdə tutulur. Qanuna görə, ərazi müdafiəsi ərazilik və könüllülük prinsipləri əsasında həyata keçiriləcək. O, hərbi, mülki və hərbi-mülki komponentlərdən ibarət olacaq.
Rəsmi Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında guya “aqressiv hərəkətləri”nin güclənməsindən narahat olduqlarını bildiriblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva öz ərazisi daxilində və öz mülahizəsinə uyğun olaraq qoşun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.
İLTİFAT




