ABŞ və Yaponiya Çinə qarşı

ABŞ və Yaponiya Çinin artan qüdrəti ilə bağlı ciddi narahatlıqlarını dilə gətirib və yaranan müdafiə təhdidləri də daxil olmaqla, regionda sabitliyi pozmaq cəhdlərinə qarşı birlikdə işləməyə qərar veriblər.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirlərinin virtual "2+2" görüşündən sonra verilən birgə bəyanatda Çinlə bağlı narahatlıqların dərinləşməsi və Tayvanla bağlı artan gərginliyin fonunda Yaponiyanın təhlükəsizlik məsələsində rolu diqqətə çatdırılıb.
Nazirlər Çinin müəyyən qaydalara əsaslanan nizamı pozmaq səylərinin regiona və dünyaya siyasi, iqtisadi, hərbi və texnoloji yöndən problemlər yaratdığını və bu məsələdən narahatlıq keçirdiklərini ifadə ediblər.
Bundan əlavə, regionda sabitliyi pozan fəaliyyətlərin qarşısının alınması və lazım gələrsə, cavab verilməsi üçün birlikdə fəaliyyət göstəriləcəyi istiqamətində qərara gəlindiyi bildirilib.
Qeyd edək ki, nazirlər, həmçinin, Sincan və Honq-konqda insan hüquqları pozuntusuna və Tayvan boğazında sülhün zəruriliyinə vurğu ediblər.
Sübhan Şərif