BMT Tokayevin nümayişçilərə atəş əmrinə etiraz etdi

 22:27 07.01.2022     283

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrinə etiraz edib.

Redaktor.az-ın məlumatına görə, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, Qazaxıstanda nümayişçilərin öldürülməsi qəbuledilməzdir.

“Biz Qazaxıstandakı vəziyyəti yaxından izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq. BMT Qazaxıstanda insan hüquqlarına hörmət etməyə çağırır və ölkədə güc tətbiqi mütənasib olmalıdır”.

Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: “Polislərin və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də belədir. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var”.

Qeyd edək ki, yanvarın 7-də Qazaxıstan Prezidenti Tokayev ölkə əhalisinə müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini vurğulayıb.