İraq parlamentində dava düşdü

 20:55 09.01.2022     1347

İraqda ötən ilin oktyabr ayında keçirilən son parlament seçkilərindən sonra Nümayəndələr Şurasının ilk iclası deputatlar arasında münaqişənin baş verməsi və spikerin vəzifələrini icra edən şəxsin gözlənilmədən xəstəxanaya yerləşdirilməsi səbəbindən təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, parlamentin ən yaşlı deputat Mahmud əl-Məşhədaninin sədrliyi ilə keçirilən iclas son dərəcədə gərgin şəraitdə başlayıb.

Belə ki, nüfuzlu İmam Müqtəda əs-Sədrin şiə bloku ilə Şiə Koordinasiya Birliyi arasında hansının ən böyük fraksiya olması ilə bağlı mübahisə xaos və kəskin münaqişəyə çevrilib.

Belə bir vəziyyətdə 73 yaşlı Mahmud əl-Məşhədani özünü pis hiss edib və parlamentə təcili tibbi yardım avtomobili çağırılıb. O, xəstəxanaya aparılıb. İndi siyasətçinin sağlamlıq vəziyyəti stabilləşib.

Mahmud əl-Məşhədani xəstəxanaya yerləşdirildikdən sonra ikinci müavin iclası keçirməkdən imtina edib və növbəti məsləhətləşmələr üçün parlamentin iclası təxirə salınıb.