Nyu-Yorkda yanğında 63 nəfər ağır xəsarət aldı - YENİLƏNİB

ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında baş verən güclü yanğın nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-sinin həyatı təhlükə altındadır.
Redaktor.az xəbər verir ki, bu barədə hadisə yerinə gələn Nyu-York meri Erik Adams məlumat verib.
Onun sözlərinə görə, bu, şəhər tarixində ən böyük yanğınlardan biridir:
“Rəqəmlər dəhşətlidir. 32 nəfərin həyatı risk altındadır, daha 9 nəfər ağır xəsarət alıb. Bundan başqa 22 yaralının xəsarətləri yüngüldür”.
Yanğın 19 mərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən birində baş verib. Yanğının başladığı iddia edilən mənzilin qapısı açıq olduğu üçün alov və tüstü sürətlə yayılıb. İkinci və üçüncü mərtəbələrı alov bürüyüb, tüstü növbəti mərtəbələrə qalxıb.
Yanğınla mübarizəyə 200 yanğınsöndürən cəlb olunub. Zərərçəkənlər, o cümlədən uşaqlar 5 şəhər xəstəxanasına aparılıb.
***
ABŞ-ın Nyu-York şəhərində (Bronks) yaşayış binasında güclü yanğın baş verib.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 54 nəfər xəsarət alıb.
Onlardan 31 nəfəri ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Binanın 3-cü mərtəbəsindən başlanan alov 19-cu mərtəbəyədək qalxıb.
Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.