Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazı müzakirə etdilər

 21:03 10.01.2022     97

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və müdafiə sənayesinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

Tərəflər həmçinin beynəlxalq və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həllinin vacibliyi, Türkiyənin də bu məsələdə hər cür yardım göstərməyə hazır olduğu ifadə olunub. Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Qazaxıstandakı böhranın tezliklə həllinin bölgənin sabitliyi baxımından mühüm olduğu, Türk Dövlətləri Təşkilatının bununla bağlı addımlar atdığı bildirilib.

Bundan başqa, Türkiyənin Balkanlar, Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində qətiyyətli rol oynadığı vurğulanıb.

Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionun sabitliyi və rifahına töhfə verdiyi qeyd edilib.