Rusiya və ABŞ razılığa gələ  BİLMƏDİ

 22:07 10.01.2022     103

Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar zamanı tərəflər NATO-nun genişlənməməsi məsələsində irəliləyişə nail ola bilməyiblər. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Bu məqam Rusiyanın dekabrda irəli sürdüyü əsas təkliflərdən biri idi.

“Biz Qərbin təqdim olunan bir sıra məsələlərdə çeviklik nümayiş etdirəcəyini gözləmirik”, - deyə o , danışıqlardan sonra keçirilən brifinqdə deyib.

Nazir müavinin sözlərinə görə, NATO-nun genişlənməməsi mövzusu “Amerika tərəfinin çox ciddi etirazlarına” səbəb olub. 

Ryabkov xüsusilə vurğulayıb ki, Rusiya üçün ən vacib məsələ Ukrayna və Gürcüstanın Alynasa daxil olmamaq məsələsidir. “Bizə dəmir, hüquqi öhdəliklər, vədlər yox, təminatlar lazımdır. Haqqında danışdığım ölkələr NATO-ya üzv olmamalıdır, bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”.

ABŞ dövlət katibinin müavini Vendi Şerman danışıqlardan sonra bildirib ki, ABŞ yeni ölkələrin NATO-ya daxil olmasını məhdudlaşdırmaq niyyətində deyil: “Biz heç kimin başqa ölkə üçün NATO-ya qapını bağlamasına icazə verməyəcəyik” (modern.az).

Cenevrədəki danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ölkənin NATO və ABŞ ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Rusiya Federasiyasının şərtlərinə görə, ABŞ keçmiş Sovet İttifaqının NATO üzvü olmayan ölkələrinin ərazisində hərbi bazalar yaratmamalı, alyans şərqə doğru genişlənməsini dayandırmalıdır.