İsrailin baş nazirindən münaqişə anonsu

 16:06 11.01.2022     181

İsrailin Baş naziri Naftali Bennet İsrail parlamentinin Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin iclasında bir sıra açıqlamalar verib.

Redaktor.az "İndependent Türkiye"yə istinadən xəbər verir ki, o, ölkəsinin Livan və Qəzza zolağı ilə hərbi münaqişəyə girmə ehtimalının olduğunu vurğulayıb. O, açıqlamalarında bunun səbəblərini bildirməyib.

Qeyd edək ki, Bennet Təl-Əviv yaxınlığında Fələstin Prezidenti Mahmud Abbasla keçən ay baş tutan görüşü ilə bağlı deyib ki, hal-hazırda siyasi məsələlərdə Fələstinlə bağlı irəliləyiş əldə etmək planı yoxdur.

Bennet əlavə edib ki, İsrailin maraqları İordan çayının qərb sahilində və Qəzzada sabitliyi qorumaq, "HƏMAS" Hərəkatının gücünün artmasına mane olmaq və itkilərin qarşısını almaqdan ibarətdir.

Sübhan Şərif