Polşa əsgəri 240-dan çox miqrantın qətlini etiraf etdi - FOTO

Belarusa qaçan polşalı hərbçi Emil Çeçko Polşa-Belarus sərhədində 240-dan çox miqrantın qətlə yetirilməsi ilə bağlı istintaqa danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Belarus İstintaq Komitəsi məlumat yayıb.
"Cinayət işinin istintaqı zamanı Emil Çeçko bildirib ki, 2021-ci il iyunun 8-dən həmkarları ilə birlikdə Polşa Respublikasının sərhəd zolağında və Semyanovka kəndi yaxınlığında mütəşəkkil qətllərdə iştirak edib və 240-dan çox insanın qətlindən xəbərdardır”, - deyə məlumatda qeyd edilib.
İstintaqın məlumatına görə, öldürülənlər arasında Polşa sərhədini keçərək Almaniyaya gedən miqrantlar, o cümlədən qadınlar və uşaqlar, həmçinin əcnəbilərə yardım edən iki könüllü var. "Ölənlərin cəsədləri Polşa təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə meşəliklərdə xüsusi hazırlanmış çuxurlarda basdırılıb",- məlumatda vurğulanıb.
Nazirlik bildirib ki, obyektiv sübutların müəyyən edilməsi üçün Belarus Xarici İşlər Nazirliyinə diplomatik kanallar vasitəsilə insidentlə bağlı Yaxın Şərq və Əfqanıstanın müvafiq beynəlxalq strukturlarını və səlahiyyətli orqanlarını məlumatlandırmaq xahiş olunub.
“Belarus İstintaq Komitəsi Qərbi Avropaya, xüsusən də Almaniyaya səfər etmiş vətəndaşların itkin düşməsi ilə bağlı məlumatların toplanması və faktlarının müəyyənləşdirilməsinin təşkili təşəbbüsü ilə çıxış edir. Müstəntiqlər Polşa təhlükəsizlik qüvvələrinin bütün cinayət əməllərinə prinsipial hüquqi qiymət verəcəklər”, - istintaq nümayəndələri qeyd ediblər.
Xatırladaq ki, Polşa Silahlı Qüvvələrinin 16-cı Pomeraniya mexanikləşdirilmiş diviziyasının hərbçisi Emil Çeçko ötən il dekabrın 16-da sərhədi keçərək, ölkəsinin miqrantlara qarşı sərt siyasəti ilə razılaşmadığı üçün Belarusdan sığınacaq istəyib. Polşa Silahlı Qüvvələri Çeçkonu fərarilikdə ittiham edir və buna görə onu hərbi tribunal gözləyir. Ötən ilin sonunda Çeçko anasına “sataşdığına” görə Olştin rayon məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İltifat HACIXANOĞLU
