“Qaytarın, yoxsa pis olacaq...” - "Taliban" Tacikistanı və Özbəkistanı hədələdi

 21:53 13.01.2022     660

Əfqanıstandakı "Taliban" hökumətinin müdafiə nazirinin səlahiyyətlərini icra edən Mavlavi Məhəmməd Yaqub Tacikistanı və Özbəkistanı hədələyib.

Redaktor.az xəbər verir ki, "Taliban"ın qurucusu Molla Ömərin oğlu olan Məhəmməd Yaqub Əşrəf Qəni hakimiyyətinin çöküşündən və taliblərin ölkəyə nəzarəti ələ keçirməsindən sonra onların ərazisinə aparılan helikopterlərin və təyyarələrin geri qaytarılmasını tələb edib. 

"Taliban" hökumətinin müdafiə naziri bu haqda əfqan aviasiyasının Kabil ətrafında keçirilən təlimləri zamanı bildirib.

"Bizim Tacikistanda və ya Özbəkistanda olan  təyyarələrimiz geri qaytarılmalıdır. Biz heç vaxt imkan verə bilmərik ki, təyyarələrimiz xaricdə qalsın və orada onlardan istifadə etsinlər. Əgər təyyarələr Əfqanıstana qaytarılmasa pis nəticələri olacaq", - o deyib.

Lakin "müdafiə naziri" pis nəticələrin nədən ibarət ola biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, artıq ikinci dəfədir ki, taliblərin nümayəndələri Daşkəndə və Düşənbəyə qarşı belə tələb irəli sürür. Özbəkistan və Tacikistan isə hələlik bu tələblərə rəsmi cavab verməyib.

"Taliban" rəhbərliyi bildirir ki, Əşrəf Qəninin hökumətinin çökməsindən sonra Özbəkistana və Tacikistana 40 helikopter uçub. Lakin həmin ölkələrdən hələlik heç biri onları qaytarmaq istəmir.

Bir neçə gün əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Tacikistan və Özbəkistan Əfqanıstana helikopterlərin və təyyarələrin qaytarılmamasında qərarlıdır. Hər iki dövlət ABŞ-dan bu texnikanın bir hissəsinin onlarda qalmasını istəyib. Birləşmiş Ştatlar isə bu sorğunu nəzərdən keçirir.

Belə ki, Əşrəf Qəninin vaxtında bu hərbi təyyarə və helikopterlərin əksəriyyətini ABŞ əfqan ordusuna verilib.