Qazaxıstanda əhaliyə yardım üçün fond yaradıldı

 11:28 15.01.2022     766

Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə “Qazaxıstan xalqına” ictimai sosial fondu yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fonda Bolat Jamişev rəhbərlik edəcək.

Qeyd edək ki, yanvarın 11-də parlamentdə çıxış edən Tokayev səhiyyə, təhsil və sosial dəstək sahəsindəki problemlərlə məşğul olacaq “Qazaxıstan xalqına” ictimai sosial fondunun yaradılmasını tapşırıb. Fond özəl və dövlət mənbələrindən formalaşdırılacaq.

Məlumata görə, fond səhiyyə, təhsil və sosial dəstək, mədəniyyət və idman sahələrində dövlət dəstəyi tədbirlərindən başqa, əlavə təminat məsələləri üzrə Qazaxıstan əhalisinə xeyriyyə yardımı göstərəcək. Bundan əlavə, fond fövqəladə hallardan zərər çəkmiş əhaliyə və fövqəladə vəziyyət rejiminin tətbiqinə kömək edəcək, əhalinin sosial cəhətdən həssas qruplarından olan uşaqlar və ehtiyacı olanlar üçün idman infrastrukturunun inkişafına və əlçatanlığının artırılmasına kömək edəcək.

Fond tərəfindən həmçinin respublikanın ərazi bütövlüyünü və təhlükəsizliyini qoruyarkən həlak olmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarının, xüsusi təyinatlı orqanların, hərbi qulluqçuların ailə üzvlərinə dəstək verilməsi nəzərdə tutulur.

Nuranə Tofiqli