Qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması Dumada MÜZAKİRƏ EDİLƏCƏK

 12:03 21.01.2022     417

Bu gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Federasiyası Kommunist Partiyasının deputatlarının qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı Rusiya Federasiyasının prezidentinə təqdim etdiyi müraciət layihəsi üzrə fraksiya rəhbərləri ilə gələn həftə məsləhətləşmələrin aparılacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsində əsas səbəb sözü gedən qondarma respublikalarda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həll yollarını axtarmaq göstərilib.

Kreml Rusiya Federasiyası Kommunist Partiyasının sənədə Dumada baxılana qədər DXR və LXR-i tanımaq ideyasını şərh etmir.

Dövlət Dumasının spikeri onu da vurğulayıb ki, o, Rusiya vətəndaşlarının və DXR və LXR-də yaşayan həmvətənlərinin təhlükəsizliyini təmin edə biləcək həll yollarını axtarmağı zəruri hesab edir.

"Rusiya NATO-nun Ukraynanı işğal etməsinə imkan verməyəcək. Çünki bu Ukrayna xalqi üçün faciəyə çevrilə bilər",- Volodin deyib.

Qeyd edək ki, yanvarın 19-da Rusiya Kommunist Partiyası fraksiyasının deputatları Dövlət Dumasına Palatanın Rusiya prezidenti Vladimir Putinə Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınmasının zəruriliyi ilə bağlı müraciət layihəsi təqdim ediblər.

Sənədə əsasən, Dövlət Duması elan edilmiş respublikaların “müstəqil, suveren və müstəqil dövlətlər” kimi tanınması məsələsinə baxılması xahişi ilə dövlət başçısına müraciət edir.

Mətndə deyilir ki, deputatlar DNR və LNR-nin “tanınmasını haqlı və mənəvi cəhətdən əsaslandırmış hesab edirlər”.

İLTİFAT