Qırğızıstan-Tacikistan sərhədində atışmada ölənlər var - YENİLƏNİB
Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın ASIA-Plus media qrupu məlumat yayıb.
"Somoniyon kəndində münaqişə zamanı güllə yarası ilə yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir", - məlumatda deyilir.
Yaralıların vəziyyəti stabildir. Onlar İsfara Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Tacikistan-Qırğızıstan sərhədinin insident baş verən hissəsində yaranan gərginliklə əlaqədar Tacikistan sərhədçiləri gücləndirilmiş növbətçi rejimə keçirilib. Hər iki tərəfin yerli hakimiyyət orqanlarının nümayəndələri münaqişə vəziyyətinə son qoymaq üçün bütün tədbirləri görürlər.
***
"Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Qırğızıstan Sərhəd Xidməti bildirib ki, tacik hərbçiləri Qırğızıstanda elektrik xətləri və sərhəd postlarını atəşə tutur.
Qeyd edək ki, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.
***
Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
“Bu gün saat 18:30-a (Bakı vaxtı ilə 16:30) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir”, - məlumatda deyilir.
Agentlikdən bildirilib ki, saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batken bölməsini bağlayıblar.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra orada onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib.
Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.












