Baydenin Rusiyanın Ukraynanı işğal edəcəyi barədə xəbərdarlığı YALAN ÇIXDI
ABŞ prezidenti Co Baydenin telefon danışığında ukraynalı həmkarı Vladimir Zelenskiyə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə xəbərdarlıq etməsi ilə bağlı yayılan məlumat yalandır.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov "Facebook" hesabında məlumat verib.
"Sosial şəbəkələrdə prezidentlər Vladimir Zelenski və Co Bayden arasında danışıqların məzmunu ilə bağlı Ukraynanın iddia edilən rəsmi nümayəndəsinə istinadən məlumat yayılıb. Bu informasiyalar tamamilə həqiqətə uyğun deyil", - deyə məlumatda bildirilib.
Nikiforov vurğulayıb ki, düzgün məlumatlar yalnız Kiyev və Vaşinqton tərəfindən rəsmi informasiyalarda təqdim olunur.
"Qalan hər şey yalan və fərziyyədir. Bu çətin zamanda informasiyaya mümkün qədər məsuliyyətlə yanaşmanızı və yalnız diqqətlə yoxlanılmış məlumatları dərc etməyinizi xahiş edirik", - sözçü əlavə edib.
Qeyd edək ki, CNN müxbiri adı açıqlanmayan Ukraynanın rəsmi nümayəndəsinə istinadən tvit paylaşıb ki, Bayden Zelenski ilə telefon danışığında "Rusiya işğalı" ilə bağlı xəbərdarlıq edib. İddiaya görə, Bayden Zelenskiyə Rusiyanın hücumunun qaçılmaz olduğunu deyib.
Ağ Ev də bu məlumatı təkzib edib.
Nuranə Tofiqli












