ABŞ-dan Donbasla bağlı XƏBƏRDARLIQ

 20:44 06.02.2022     427

"ABŞ Rusiyanın Donbası Krım kimi öz ərazisinə əlavə edəcəyini istisna etmir".

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC televiziyasının efirində bildirib.

"Rusiya Federasiyasının hərəkətləri bir çox formada ola bilər, o cümlədən, Ukraynanın şərqindəki Donbas kimi tanınan əraziləri ilhaq etmək ehtimalı var. Yaxud kiberhücumlar, siyasi sabitliyin pozulması da daxil olmaqla bir sıra hibrid tədbirlər həyata keçirə bilər", - deyə o qeyd edib.

Sallivan qeyd edib ki, son aylarda ABŞ və müttəfiqləri bütün mümkün ssenarilərə hazırlaşmaq üçün çalışırlar.

“Əminik ki, Rusiya üçün ciddi iqtisadi nəticələrə və Rusiyanın istənilən hərəkətinə cavab olaraq tətbiq edəcəyimiz təzyiqin digər formalarına gəldikdə, biz müttəfiqlərimizlə eyni fikirdəyik. Ukraynaya qarşı təcavüz və eskalasiya təşkil edir”,- o, əlavə edib.

Sallivanın sözlərinə görə, Ukraynanın işğalı hər an baş verə bilər".

"Biz nəyinsə baş verə biləcəyini gözləyirik. Hər an hərbi eskalasiya və Ukraynaya müdaxilə baş verə bilər. Çünki Rusiya Federasiyası böyük hərbi əməliyyatlar üçün çoxdan hazırlaşıb. Və biz cavab hazırlamaq üçün çox çalışdıq. Prezident  Bayden müttəfiqlərimizi topladı. O, şərq cinahındakı tərəfdaşlarımızı gücləndirdi və dəstəklədi. O, Ukraynaya maddi dəstək verdi, Rusiyaya təkliflər yolladı. Rusiya diplomatik yola üstünlük versə, hər halda, biz hazırıq. Müttəfiqlərimiz hazırdır və biz Ukrayna xalqının hazır olmasına kömək etməyə çalışırıq”, - deyə Sullivan əlavə edib.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O, Rusiyanın heç kimə təhlükə törətmədiyini vurğulayıb və xatırladıb ki, rus qoşunlarının bütün hərəkətləri onun öz ərazisində baş verir. Eyni zamanda, Peskov bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranı güc yolu ilə həll etmək cəhdlərinin ən ağır nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən