İsraildə COVID pasportlarının istifadəsi dayandırılacaq

 17:12 17.02.2022     481

İsrailin hakimiyyət orqanları koronavirusa yoluxma hallarının azalması səbəbindən COVID pasportlarının istifadəsini dayandırmaq niyyətindədir.

Redaktor.az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Naftali Bennet ölkənin səhiyyə sisteminin nümayəndələri ilə görüşündən sonra deyib. Onun sözlərinə görə, ölkədə “Omikron” ştamının səbəb olduğu yoluxma dalğası zəifləməyə başlayıb və COVID-19 infeksiyasının yayılmasına qarşı yönələn digər məhdudiyyətlər də yaxın zamanlarda ləğv oluna bilər.

İsraildə koronavirusdan sağalan və ya COVID-19 əleyhinə azı üç doza peyvənd vurduran ölkə vətəndaşlarına “Yaşıl pasportlar” verilir. COVID pasportu olmayanlar qapalı məkanlara və miqyaslı tədbirlərə gedə bilmir.

Hazırda İsraildə koronavirusa yoluxma halları yüksək olsa da, Səhiyyə Nazirliyi onun səngiməyə başladığını bildirib. Yanvarın 23-də ölkədə sutkalıq yoluxma hallarının sayında rekord qeydə alınıb – 83,7 min nəfər, fevralın 16-da isə bu göstərici 22,6 min nəfər təşkil edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək İsraildə koronavirusa 3 milyon 491 mindən çox yoluxma halı aşkarlanıb, ölənlərin sayı 9 min 687 nəfərə çatıb, 3 milyon 306 min nəfər isə sağalıb.

Vumart və Güvən reklamı Vumart Güvən