Rusiya bankları SWIFT-dən çıxarıldı
Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarını, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarını da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.
Redaktor.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.
"Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları da "SWIFT" beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Beləliklə, bu institutlar beynəlxalq maliyyə axınlarından kəsiləcəklər, bu isə onların qlobal fəaliyyətini məhdudlaşdıracaq", - deyə Ş.Hebeştrayt bildirib.
Məlumat üçün bildirək ki, 1973-cü ildə yaradılan SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemi banklararası mesajlaşma sistemidir. Hər gün milyonlarca ödəniş və ya pul köçürməsi bu sistem vasitəsilə bankların balansında əks olunur. SWIFT sistemi Belçikada qeydiyyatdan keçib və şirkətin fəaliyyətinə Avropanın aparıcı ölkələrinin mərkəzi bankları tərəfindən nəzarət edilir. Bu ödəniş sistemi dünyada ən səmərəli və sürətli maliyyə mesajlaşma xidməti kimi tanınır.












