Estoniya-Latviya sərhədində nəzarət-buraxılış postları quruldu

 19:28 06.03.2022     463

Estoniya hökumətinin qərarı ilə ötən gün günorta saatlarından sonra ölkənin Latviya sərhədində müvəqqəti olaraq nəzarət-buraxılış postları qurulub.

Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, məqsəd Ukraynada davam edən müharibə nəticəsində qaçan insanların Estoniyaya gəlişinə nəzarət və ölkə ilə ilk əlaqəni daha asan təşkil etməkdən ibarətdir.

Estoniya daxili işlər naziri Kristiyan Yaani bildirib ki, ukraynalı qaçqınlara yardım artıq sərhəddəki müvəqqəti nəzarət-buraxılış məntəqələrində başlayacaq.

“Yoxlama prosesi bir az uzun çəkə bilər, buna görə üzr istəyirik. Məqsədimiz heç bir halda Ukrayna vətəndaşlarına qarşı hörmətsizlik nümayiş etdirmək deyil. Əksinə, bunun sayəsində biz gələnlər haqqında daha ətraflı məlumat əldə edə, onları artıq sərhəddə lazımi məlumatlarla təmin edə və ilkin tibbi yardım xidmətlərinə yönləndirə biləcəyik. Bizim ölkəyə gələn ukraynalıların burada özlərini istədikləri kimi və təhlükəsiz hiss etmələri üçün son bir neçə həftə ərzində çox işlər görmüşük”, − deyə K.Yaani vurğulayıb.

Nazir onu da əlavə edib ki, hökumətin qərarı Ukrayna vətəndaşlarına və onların ailə üzvlərinə eyni dərəcədə şamil edilir.

İlkin plana əsasən, yoxlama dörd müvəqqəti nəzarət-buraxılış məntəqəsində (3-ü Valqada, biri isə İklada olmaqla) on günlük müddətə tətbiq ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən