Rusiya Azərbaycan konsulluğunu RAKETLƏ VURDU
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası hava hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib.
Hadisə zamanı binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb (report).
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də Xarkov şəhərindəki fəxri konsulluğun binasının vurulması ilə bağlı məlumat yayıb.
Redaktor.az XİN-ə istinadən xəbər verir ki, məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
"Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər", - məlumatda qeyd olunur.















