İran Ərbildəki ABŞ konsulluğunu raket atəşinə tutdu - VİDEO
İraqın Ərbil şəhərində ABŞ-ın Baş konsulluğunun binası yaxınlığında bir neçə raket düşüb.
Raket zərbələri İran ərazisindən həyata keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, bunu İraq və Amerika rəsmiləri də təsdiqləyiblər. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər.
İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki Baş konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb.
Raket hücumlarından sonra şəhərdə bir neçə partlayış baş verib. Atışmanın İranın “Xəsabad” hərbi bazasından həyata keçirildiyi ehtimal edilir. Bombardman üçün Fateh-110 raketlərindən istifadə edilib. İran mediası yazır ki, hədəf İsrailin İraqdakı milli kəşfiyyat xidməti olan Mossad olub. Onlar Suriyada öldürülən iki iranlı zabitin qisasını alıblar.
Bomba zərbələrindən sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qalxıb. ABŞ Prezidenti Co Baydenin rəsmi açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, daha əvvəl “Kürdistan-24” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib ki, əraziyə ümumilikdə 12 ballistik raket buraxılıb. Telekanalın ofisinin yerləşdiyi binaya ziyan dəyib, ölən və xəsarət alan olmayıb. Eyni zamanda “Rudaw” telekanalı 14 raketin atıldığını bildirib. Təhlükəsizlik qüvvələri hücumla bağlı araşdırma aparır.
Öz növbəsində, “Reuters” agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən bildirib ki, raket hücumu ABŞ hərbçiləri arasında itkilərə səbəb olmayıb.












