Rus qoşunlarının Odessaya doğru hərəkəti səngiyib - Britaniya kəşfiyyatı
Rusiya qoşunları hələ də Nikolayevdən qərbdən yan keçərək Odessaya doğru irəliləməyə çalışırlar, lakin onların irəliləməsi maddi-texniki problemlər və Ukraynanın müqaviməti səbəbindən ləngiyir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Qeyd olunub ki, Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin həddən artıq uzanan təchizat xətləri ilə geri çəkilməsi Ukraynaya Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri almağa imkan verib.
"Ukrayna qüvvələrinin Rusiya qüvvələrini Kiyevdən şimal-qərbə, Qostomel aerodromuna doğru sıxışdırmaq üçün səylərini davam etdirəcəyi ehtimal edilir.
Artıq bir çox istiqamətlərdə Ukrayna Silahlı Qüvvələri düşməni səngərdən çıxararaq əks hücuma keçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ağır döyüşlər gecə saatlarında Kiyev yaxınlığında davam edib. Ukrayna döyüşçüləri bir sıra yaşayış məntəqələrini işğalçılardan geri ala biliblər.
Uğursuz hücum əməliyyatı səbəbindən rus qoşunları əsas diqqəti şəhərlərin bombalanmasına və dinc əhalinin terroruna yönəldiblər.
Buna baxmayaraq, Rusiya ordunun real itkilərini, o cümlədən RF Silahlı Qüvvələrində həlak olanların real sayını gizlədir və “xüsusi əməliyyatı” davam etdirməkdə israrlıdır", - deyə, UNİAN qeyd edib.
T.İSMAYIL












