Zelenski Rusiyanın BMT TŞ-dan çıxarılmasını istədi - YENİLƏNİB
"Rusiya məqsədli şəkildə Ukrayna şəhərlərini yerlə-yeksan edir, humanitar koridorları blokadaya alır, aclıq böhranı yaradır, insanların gizləndiyi sığınacaqları məqsədli şəkildə bombalayır. Mariupol, Borodyanka, Xarkov və digər şəhərlərdə də vəziyyət Buçadakı kimidir".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxışında deyib.
Prezident Zelenski bildirib ki, Rusiya Ukraynada törətdiklərini etiraf etmir, müxtəlif versiyalar səsləndirir, hər kəsi günahlandırır: “Rusiya tərəfi iddia edir ki, bu, səhnələşdirilib. Biz bütün faktları toplayırıq, bu yöndə beynəlxalq institutlarla işləyirik, jurnalistlərin bu ərazilərə girişini təmin edirik ki, onlar baş verənləri öz gözləri ilə görsünlər".
O, Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında yanında olduğunu vurğulayıb: “Ona görə də bu gün Ukraynanın haqqı var ki, BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin. Əgər siz qərar verə bilmirsinizsə, o zaman iki şey edə bilərsiz - təcavüzkar olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın ki, o, veto hüququndan istifadə edə bilməsin. Və digər seçim, əgər müzakirə etməkdən başqa əlinizdən bir iş gəlmirsə, özünüzü buraxın. Ukrayna sülh istəyir, Avropa sülh istəyir və ən əsası dünya sülh istəyir".
***
Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxış edir.
Redaktor.az xəbər verir ki, Vladimir Zelenski aprelin 4-də Buçaya səfəri barədə məlumat verib.
O bildirib ki, Rusiya qüvvələri ukraynalı mülki vətəndaşlara qarşı qırğınlar törədiblər: “Rus əsgərləri yalnız ukraynalı hərbçiləri öldürmür, onlar mülki sakinləri də qətlə yetirirlər. Onlar məqsədli şəkildə ev-ev gəzərək sağ qalanları və qaçıb gizlənənləri çölə çağırıb qətlə yetiriblər.
Mən sizə vəhşicəsinə qətlə yetirilən şəxslərin doğmalarının adından müraciət edirəm.
Bütün bu törədilənlər İŞİD-in törətdikləri əməllərdən fərqlənmir. Bunu törədən isə BMT Təhlükəsizlik Şurasına üzv dövlətin hərbçiləridir”.
***
"Rusiyanın əməlləri qlobal aclığa gətirib çıxaracaq".
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq. Bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir”, - Zelenski qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski BMT-dəki çıxışında Rusiyanı dayandırmağa çağırıb.
Onun sözlərinə görə, belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq.
Zelenski BMT-nin effektiv işləyə bilmədiyini də vurğulayıb.












