O, dünyanın ən varlı adamıdır
Tesla və SpaceX şirkətlərinin təsisçisi İlon Mask Forbes jurnalının reytinqinə əsasən dünyanın ən varlı şəxsləri siyahısında birinci yeri tutub.
Redaktor.az xəbər verir ki, Forbes jurnalı Maskın sərvətini 219 milyard dollar dəyərində qiymətləndirib. Bu isə reytinqin əvvəlki lideri olmuş Jeff Bezosun (Amazon) sərvətindən daha çoxdur.
Hələ keçən il Bloomberg və digər nəşriyyatlar Maskı Yer kürəsinin ən varlı şəxsi hesab edirdilər. Buna baxmayaraq Forbes reytinqində o, ikinci yeri tuturdu. Belə ki, həmin vaxt onun sərvəti 151 milyard dollar dəyərində qiymətləndirilirdi. Son 12 ay ərzində Maskın sərvəti 68 milyard dollar yüksəlib. Bunun sayəsində o, Jeff Bezosu geridə qoyub.
Məlumata əsasən Jeff Bezosun hal hazırki sərvəti 171 milyard dollar təşkil edir. 2021-ci ilin aprel ayında isə Bezosun sərvəti 177 milyard dollar dəyərində qiymətləndirilmişdi. Maskın sərvətinin əsas hissəsini "Tesla" şirkətinin səhmləri təşkil edir. Belə ki, o, "Tesla"nın 172.6 milyon səhminə sahibdir. Bu isə bütün şirkətin 17%-i deməkdir. Bu göstəricini pul ekvivalentinə çevirdikdə, 195.5 milyard dollar alınır.
Maskın sərvətinin ikinci böyük aktivini "SpaceX" şirkətinin səhmlərinin 44%-i təşkil edir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Mask həmçinin Tvitter səhmlərinin 9.2%-ni əldə edərək sosial şəbəkənin ən böyük səhmdarına çevrildi. Forbes jurnalının yenilənmiş reytinqi ilə aşağı fotodan tanış ola blərsiniz.












