İkinci tura keçə bilməyənlər Makronu dəstəklədilər
Fransanın sağ mərkəzçi “Respublikaçılar Partiyası”ndan prezidentliyə namizədi Valeri Pekress seçkidə məğlub olduğunu etiraf edib.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA -Novosti” məlumat yayıb.
Valeri Pekress seçkilərin ilk turunda 5,1% səslə beşinci yerdə qərarlaşıb. Pekress seçkilərin ikinci turunda tərəfdarlarını Makrona səs verməyə çağırıb.
Fransada keçirilən prezident seçkilərinin ikinci turuna keçə bilməyən “Avropa-Ekologiya-Yaşıllar” partiyasının üzvü Yannik Jado və “Əyilməz Fransa” siyasi partiyasının rəhbəri Jan-Lük Melanşon da seçiciləri hazırkı dövlət başçısı Emmanuel Makronun namizədliyini dəstəkləməyə çağırıb.
Fransa Kommunist Partiyasının lideri Fabien Roussel Emmanuel Makronu açıq şəkildə dəstəkləməyib, lakin tərəfdarlarını ikinci turda Marin Le Penin əleyhinə səs verməyə çağırıb.
Bu arada, Fransada keçirilən prezident seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.
Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.
Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.
“İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.
Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. İkinci tur aprelin 24-nə planlaşdırılıb.












