Ukraynalıların basdırıldığı daha 9 məzarlıq tapıldı
Kiyev vilayətində, Buçanski rayonunun iki kəndində rus işğalçıları tərəfindən öldürülən ukraynalıların dəfn edildiyi daha 9 məzarlıq tapılıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə feysbukda Kiyev vilayətinin polisi məlumat yayıb.
Xəbərdə deyilir ki, Kiyev vilayətinin polisi Buçanski rayonunun işğaldan azad edilmiş ərazisində işini davam etdirir və işğalçıların əli ilə həlak olan yerli sakinlərin meyitlərinin şəxsiyyətini müəyyənləşdirir.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlərin həyətində işğalçılar tərəfindən öldürülmüş insanların dəfn olunduğu yer aşkar ediblər. Andreevkada 6, Lipovkada isə 3 məzarlıq aşkar edilib. Meyitlərə baxış keçirildikdən və hərbi cinayətlərin təsbitindən sonra ölənlərin aşdak edilmiş cəsədləri rayonun patoloji şöbələrinə çatdırılacaq”, - deyə polisdən bildirilib.
Həmçinin qeyd edilir ki, Makarov icmasının Andreevka kəndinin abadlaşdırılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 317 evə baxış keçirib, orada 15 təsərrüfat ərazisində düşmənin tank əleyhinə minaları və partlamamış hərbi sursatları olan iyirmiyə yaxın qutu aşkar ediblər.
Polis qeyd edir ki, Lipovka kəndində polis 231 evə baxış keçirib. Bu kənddə 30 tank əleyhinə mina aşkar edilib, onlardan 10-u istehkamçıların çağırışından sonra yerindəcə partladılıb.
Kiyev vilayətinin polisi hərbi əməliyyatların aparıldığı ərazinin təmizlənməsi və minalardan təmizlənməsi, ölənlərin cəsədlərinin yoxlanılması və işğalçının hərbi cinayətlərinin qeydə alınması üzrə işləri davam etdirir.
T.İSMAYIL












