Türkiyə İraqın şimalında hərbi əməliyyatlara BAŞLADI
Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Türkiyə Silahlı Qüvvələri Komandanlığı ilə Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzində Hulusi Akar, Baş qərargah rəisi - ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı - ordu generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı general Adnan Özbal əməliyyatların gedişini izləyib.
Hulusi Akar Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzi ilə videokonfrans vasitəsi ilə danışıb.
O, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.
Hulusi Akar əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu deyib.
“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”, - deyə milli müdafiə naziri bildirib.












