Ermənistanda tələbələr küçələrə axışdı
Ermənistanın parlamentdə təmsil olunan müxalifət partiyaları hakimiyyətə qarşı küçə mübarizəsinə başlayıb. Onlar İrəvanda və regionlarda itaətsizlik aksiyalarının - tələbələrin də qoşulacağı tətillərin keçiriləcəyini bildiriblər. Təşkilatçılar qeyd ediblər ki, Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün müxalif qüvvələri birləşdirmək qərarına gəliblər.
Redaktor.az xəbər verir ki, aksiyada iştirak edən müxalif “Vətən” partiyasının üzvü Xaçik Qalstyan İrəvanın Azadlıq Meydanının fotosunu paylaşaraq bütün gəncləri, xüsusən də tələbələri mitinqə səsləyib. Həmin partiyanın siyasi şurasının üzvü Arsen Babayan isə jurnalistlərə bildirib ki, oturaq piketin keçirilməsində məqsəd ictimaiyyətlə geniş dialoqa başlamaqdır.
Çağırışa Ermənistanın “5165” adlı hərəkatı da qoşulub. Mətbuat konfransı keçirən hərəkat aprelin 19-dan aksiyalara start veriləcəyini bəyan edib. Qeyd ediblər ki, onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edəcəklər.
Görünür ölkədə müxaliflər ciddi şəkildə aksiyalar keçirmək niyyətindədir. Sosial şəbəkələrdə yayılan görüntülərə görə dünən axşam saatlarından başlayan aksiyanı dağıtmaq üçün polis hərəkətə keçib.
Ekspertlər hesab edirlər ki, Paşinyanın sülh müqaviləsinə razılıq verməsi müxalifləri qəzəbləndirib və bu ərəfədə aksiyaların keçirilməsi prosesləri gözlənilən idi. Bəzi siyasilər isə bu ərəfənin Paşinyan üçün xüsusi təhlükəli olduğunu bildirirlər. Onların fikrincə, baş nazirə qarşı hansısa sui-qəsd olma ehtimalı da böyükdür.












