Almaniyadan Türkiyəyə hörmətsizlik  - Ankaradan sərt cavab gecikmədi

 21:13 29.04.2022     632

Osman Kavalanın ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsindən sonra Türkiyənin Berlindəki səfiri  Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Redaktor.az xəbər verir ki, qardaş ölkənin ədliyyə naziri Bekir Bozdağ Almaniyanın bu addımına tviter səhifəsindən sərt reaksiya verib. “Ölkəmizdə davam edən bir cinayət işi ilə bağlı Berlindəki səfirimizin Almaniya Xarici İşlər Nazirliyinə çağırılması açıq şəkildə Türkiyənin daxili işlərinə qarışmaq cəhdidir. Almaniya da daxil olmaqla heç bir ölkənin Türkiyənin daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur”, - deyə Bozdağ yazıb. 

Almaniyadakı bəzi irqçi hücumlara diqqət çəkən Bozdağ, “Bütün dünya Krayxtal və Baknanq yanğını, Zolinqen faciəsi, Lüdviqshafen yanğını, Hanaudakı irqçi terror aktı kimi bir çox qətliamların səbəbkarlarını mühakimə edərkən Almaniyanın qanunları necə tapdaladığının şahididir. Almaniya Türkiyəyə deyil, özünə baxmalıdır» deyə qeyd edib. 

Almaniyanı qınayan nazir Bozdağ bildirib: "Türkiyə tam müstəqil dövlətdir. Türk milləti adına qərarlar verən türk məhkəməsi də tam müstəqildir. Türk hakimlər konstitusiyaya, qanuna uyğun olaraq hökm verirlər. Həddini aşan Almaniyanı qınıyrıam və beynəlxalq hüquqa əməl etməyə dəvət edirəm” (qazfqazinfo).