Leonardo Di Kaprio ilə Braziliya prezidenti arasında QARŞIDURMA

 20:28 30.04.2022     979

Məşhur ABŞ aktyoru Leonardo Di Kaprionun braziliyalı gəncləri səsverməyə çağırması Braziliyanın ifrat sağçı lideri Jair Bolsonaronun reaksiyasına səbəb olub.

Redaktor.az xəbər verir ki, ekoloq şəxsiyyəti ilə də tanınan Hollivud ulduzu sosial şəbəkə hesabında “Braziliya Amazon meşəsi və iqlim dəyişikliyi baxımından çox vacib olan digər ekosistemlərə ev sahibliyi edir. Orada baş verənlər bizim hamımız üçün vacibdir və gənclərin səsi sağlam planet üçün dəyişiklik etməkdə böyük rol oynayır" , - deyə paylaşım edib.

Di Kaprio həmçinin mesajına Braziliyada oktyabrda keçiriləcək seçkilərdə necə səs veriləcəyinə dair məlumatların yer aldığı keçid əlavə edib.

Hakimiyyəti dövründə Amazon meşəsindəki dağıntılara görə reaksiyaların hədəfinə çevrilən Braziliya lideri Bolsonaro Di Kaprioya qısa zamanda cavab verib.

Bolsonaro tvitində “Dəstəyinə görə təşəkkürlər, Leo! Hər bir braziliyalının səs verməsi həqiqətən vacibdir. Xalqımız Amazonlar üzərində hökmranlığımızı davam etdirmək istədikləri və ya əcnəbilərə xidmət edən fırıldaqçılar tərəfindən idarə olunmasını dəstəkləyəcəkləri barədə qərar verəcək" , - deyə  bildirib.  

Braziliya lideri tvitinin davamında Di Kaprionun digər paylaşımına da toxunaraq, “Yeri gəlmişkən, Amazonda 2019-cu ildə baş verən yanğınlarla bağlı paylaşdığınız foto 2003-cü ilə aiddir. Ölkəmizdə belə səhvlərə yol verən Braziliya vətəndaşlarını həbs etmək istəyənlər var. Amma mən bu zülmün əleyhinəyəm. Buna görə də səni bağışlayıram. Braziliyadan çoxlu sevgi" , - şərh edib. 

Di Kaprio daha əvvəl 2019-cu ildə hakimiyyətə gələn Bolsonaronu Amazon tropik meşələrindəki dağıntılara görə tənqid etmiş və müxtəlif qeyri-hökumət təşkilatlarının Amazonları qorumaq çağırışını dəstəkləmişdi. Bolsonaronun hakimiyyəti altında “dünyanın ağciyəri” olaraq görülən Amazonlarda meşələrin qırılmasının sürətlə artması bütün dünyada ətraf mühit təşkilatlarının böyük reaksiyasına səbəb olur.