Ukraynanın xarici işlər naziri Almaniya hökumətini tənqid etdi

 10:31 02.05.2022     294

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniya hökumətini ölkəsinə yardım etməkdə və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarlar verməkdə daha qətiyyətli davranmağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kuleba Almaniyanı Ukrayna ətrafında vəziyyətlə bağlı qərarlar baxımından Avropa İttifaqının ən qətiyyətsiz ölkələrindən biri adlandırıb. O, Berlini Avropada, hər şeydən əvvəl şərq siyasətinin qurulmasında aparıcı rol oynamağa çağırıb.

Nazir Almaniyadan ölkəsinə yardım baxımından vacib hesab etdiyi üç prioriteti qeyd edib: “Birincisi, Ukraynanın ehtiyac duyduğu bütün silahların tədarükü ilə bağlı maneələrin aradan qaldırılması. İkincisi, Rusiyaya qarşı sanksiyalar məsələsi ilə bağlı. Üçüncüsü, Ukraynanın Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi məsələsində”.

O bildirib ki, müharibədə Rusiya qalib gəlsə, Avropada onilliklər ərzində sabitlik və təhlükəsizlik olmayacaq.

Moskva və Kiyev arasında sülh danışıqlarına toxunan nazir deyib ki, onların iştirakçıları vaxtında bir-biri ilə əlaqə saxlayırlar, lakin heç bir ciddi danışıqlar aparılmır.