Ukraynalı səfir kansleri təhqir etdi

 15:49 03.05.2022     113

“Rəsmi Kiyev Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtinaya görə üzr istəməlidir”.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna hakimiyyətinə yönəlik bu çağırışı Almaniya parlamentinin müdafiə komitəsinin rəhbəri, Azad Demokratlar Partiyasının üzvü Mari-Aqnes Ştrak-Zimmerman səsləndirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna alman prezident Ştaynmayerə qarşı hərəkətlərinə görə üzr istəməzdən əvvəl Almaniya kansleri Olaf Şolzun səfərinə də ümid edə bilməz.

Almaniya parlamentinin deputatı Ukraynanın Berlindəki səfiri Andrey Melnikin kansler Olaf Şolzu Kiyevə getmək istəmədiyinə görə təhqir etməsini də pisləyib:

“Ukrayna Almaniya prezidentinin dəvətini geri götürüb və indi bütün arzusu ilə kanslerin Kiyevə gedəcəyini gözləyə bilməz. Cənab Melnik, bəlkə siz əvvəlcə prezidentdən üzr istəyəsiniz, sonra nəzakətlə kansleri dəvət edəsiniz”, - deyə deputat bildirib.

Bundan əvvəl Ukrayna səfiri Melnik Olaf Şolzun Ukraynaya səfərindən imtina etməsini pisləyərək, onu “incimiş qaraciyər kolbasası” adlandırıb və siyasətçinin özünü uşaq kimi apardığını bildirib. Eyni zamanda o, Ukrayna prezidenti Volodimir Zelenskinin hələ də kansleri Kiyevdə qəbul etməkdən məmnun olacağını vurğulayıb.