Türkiyə və Ermənistan xüsusi nümayəndələri Vyanada görüşdülər -YENİLƏNİB

 20:19 03.05.2022     436

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də Vyanada növbəti dəfə bir araya gəliblər.

Redaktor.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, xüsusi nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün daha əvvəl elan edilmiş məqsədi yenidən təsdiqləyiblər. Tərəflər arasında bu kontekstdə səmimi və konstruktiv fikir mübadiləsi aparılıb. Eyni zamanda, nəzərəçarpan irəliləyiş üçün atıla biləcək addımlar nəzərdən keçirilib.

Xüsusi nümayəndələr prosesi heç bir şərt olmadan davam etdirməyə razı olduqlarını bir daha vurğulayıblar.

***

Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sayca üçüncü görüş baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə saatı ilə 11:30-da başlayan görüşün 3.5 saatdır davam etdiyi bildirilib.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada keçirilib.