Rus təhsilli general NATO-nun Avropa komandanı OLACAQ

Avropa və Afrikada ABŞ ordusunun komandanı vəzifəsində çalışmış amerikalı general Kristofer Kavoli NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Kavolinin namizədliyi ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülüb. Bu qərar Alyansa üzv olan digər dövlətlərlə razılaşdırılıb.
Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edir. Bildirilir ki, Kavoli NATO-dakı vəzifəsindən əlavə, həm də ABŞ-ın Avropa Komandanlığının rəhbəri təyin olunacaq.
"The Wall Street Journal" nəşri yazır ki, general Yeil Universitetində Rusiya və Şərqi Avropaşünaslıq üzrə magistr təhsili alıb. Qəzet onun yaxşı səviyyədə rus dilini bildiyini qeyd edib.